İQTİSADİYYAT
Vaşinqtonda Azərbaycanın biznes mühitinə dair təqdimat keçirilib
Vaşinqton, 6 fevral, AZƏRTAC
ABŞ Ticarət Nazirliyi və Vaşinqton şəhəri Ticarət Palatasının təşkilatçılığı ilə ABŞ şirkətləri üçün yeni ticarət imkanlarına həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə təqdimat olub.
Vaşinqton şirkətləri üçün xarici ölkələrin biznes mühiti barədə görüşlər silsiləsindən olan belə tədbirlər bu şəhərdə fəaliyyət göstərən iş adamları üçün maraq kəsb edən regionlara həsr edilir. Vaşinqtonun diplomatik və biznes dairələrinin nümayəndələrinin qatıldığı görüş zamanı Azərbaycanla yanaşı, Gürcüstan və Oman Sultanlığının da təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək, ölkəmizin strateji əhəmiyyəti və son illərdə qazandığı nailiyyətlərdən danışıb. Azərbaycan ilə ABŞ arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərindən, respublikamızın regionun liderinə çevrilməsindən söhbət açan diplomat daha sonra görüş iştirakçılarını Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələr, həmçinin Azərbaycanın “Cənub qaz dəhlizi” vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə məlumatlandırıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır və bu əlaqələrin inkişafı üçün geniş imkanlar var. Azərbaycanda 250-dən çox ABŞ şirkətinin qeydiyyatdan keçdiyini deyən müşavir tərəflər arasında enerji, informasiya-kommunikasiya texnologiyaları, sənaye, nəqliyyat, tikinti və maliyyə xidmətləri sahəsində sıx əlaqələrin qurulduğunu vurğulayıb.
Daha sonra çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbir çərçivəsində ölkəmizin biznes mühiti, o cümlədən qeyri-neft sektorunda həyata keçirilən sərmayə layihələri ilə bağlı ətraflı məlumat verib. Azərbaycanda xarici investorlar üçün yaradılan şəraitdən və aparılan islahatlardan danışan S.Sadıqova amerikalı iş adamlarını ölkəmizlə fəal əməkdaşlığa dəvət edərək, ABŞ-Azərbaycan Ticarət Palatasının bu kontekstdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Tədbir iştirakçılarına, həmçinin Azərbaycanın iqtisadi potensialı, ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi və genişlənən turizm imkanları haqqında bukletlər və digər çap materialları paylanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton