DÜNYA
Vaşinqtonda “Dünya böhran içində: Amerikanın liderliyi zərurətdirmi” mövzusunda forum keçirilib VİDEO
Vaşinqton, 4 dekabr, AZƏRTAC
Vaşinqtonda “Xarici siyasət təşəbbüsü” Analitik Mərkəzinin (Foreign Policy Initiative, FPI) təşkilatçılığı ilə “Dünya böhran içində: Amerikanın liderliyi zərurətdirmi” mövzusunda forum keçirilib.
Vaşinqton Jurnalistika və Xəbərlər Muzeyində keçirilən tədbirdə beynəlxalq münasibətlər sahəsində ekspertlər və ABŞ Administrasiyasının keçmiş nümayəndələri ilə bərabər, Birləşmiş Ştatlar Senatının Beynəlxalq Münasibətlər Komitəsinin böyük üzvü Bob Korker (Tennessi ştatı), yeni seçilmiş senator və ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Tom Kotton (Arkanzas ştatı), ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat İşləri üzrə Daimi Xüsusi Komitəsinin üzvü, konqresmen Maykl Pompeo (Kanzas ştatı), Milli Müdafiə Komissiyasının üzvü, konqresmen Cim Marşal (Corciya ştatı), Senatın Silahlı Qüvvələrin İşləri üzrə Komitəsinin gələcək sədri Con MakKeyn (Arizona ştatı), bu komitənin üzvü Ted Kruz (Texas ştatı) və Luizina ştatının qubernatoru Bobbi Cindal çıxış ediblər.
ABŞ-ın dövlət strukturlarının nümayəndələri ölkənin xarici siyasətinin əsas problemlərini, o cümlədən Birləşmiş Ştatların və başqa ölkələrin İranın nüvə proqramına dair bu dövlət ilə danışıqları, milli təhlükəsizliyin ümumi məsələləri və 2015-2016-cı illərdə Konqresin həmin məsələləri necə həll edəcəyi, ABŞ-ın xarici təhlükələrdən müdafiəsi, beynəlxalq münasibətlərdə bu ölkənin liderliyinin bərpa olunması yolları və ABŞ-ın milli müdafiəsinə münasibətdə ümumi konsensusun əldə olunması ilə bağlı məsələləri müzakirə ediblər. Con MakKeyn bildirib ki, ölkənin müdafiə xərclərinin azaldılması ABŞ-ın dünya liderliyi imkanlarını xeyli azaldır, istər Amerikanın özünün, istərsə də onun müttəfiqlərinin təhlükəsizliyinə təhlükə yaradır.
“Xarici siyasət təşəbbüsü” demokratik müttəfiqlərin, insan hüquqlarının dəstəklənməsi, XX əsrdə dəyişikliklərlə əlaqədar Amerikanın hərbi potensialının möhkəmlənməsi və ABŞ-ın qlobal iqtisadi rəqabətədavamlılığının güclənməsi üçün yaradılan analitik mərkəzdir.
Yusif Babanlı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton