SİYASƏT
Vaşinqtonda NATO-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbir keçirilmişdir VİDEO
Vaşinqton, 2 iyul (AZƏRTAC). ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şurada “NATO Qafqazda: Azərbaycanın nümunəsi” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulmasının 20-ci ildönümünə təsadüf edən tədbiri Atlantik Şuranın prezidenti Fred Kempe açaraq rəsmi Bakının Alyansın tərəfdaşı qismində tutduğu mühüm mövqedən danışmışdır.
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim NATO-Azərbaycan münasibətlərinin ötən 20 ildə keçdiyi tarixi yola nəzər salmış, əməkdaşlığın inkişaf etdiyini söyləmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə sonuncu səfəri zamanı NATO-nun mənzil qərargahında bu münasibətlərin strateji xarakter alması ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. X.İbrahim ötən dövrdə Azərbaycanın NATO-dan yardım qəbul edən ölkədən təşkilatın müxtəlif istiqamətlərdə fəaliyyətinə töhfə verən ölkəyə çevrildiyini vurğulamış, bu kontekstdə rəsmi Bakının Əfqanıstandakı əməliyyatlara verdiyi dəstək barədə danışmışdır. NATO-Azərbaycan münasibətlərinin beynəlxalq hüququn prinsiplərinə söykəndiyini bildirən səfir Alyansın zirvə toplantılarının yekun sənədlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı
birmənalı dəstəyini vurğulamışdır.
ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında Azərbaycanın iştirakının uğurlu nəticələrindən danışmışdır. E.Rubin Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı NATO ilə əməkdaşlığın 20 illiyini əhatə edən müzakirələrin aparıldığını xatırlatmışdır. O, ölkəmizin Alyans ilə əməkdaşlığının müxtəlif istiqamətlərində əldə olunmuş nailiyyətləri qeyd etmişdir. E.Rubin Əfqanıstan ilə əlaqənin təmin olunmasında
Şimal Paylayıcı Şəbəkəsinin tutduğu mühüm yeri vurğulamış və ölkəmizin bu sahədə nümayiş etdirdiyi əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Corctaun Universitetinin professoru Brenda Şeyfer Azərbaycanın NATO ilə sıx əməkdaşlığı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs etmişdir. O, Cənubi Qafqazdakı mövcud münaqişələrin regional proseslərə mənfi təsir göstərdiyini söyləmiş, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakından danışmışdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton