MƏDƏNİYYƏT


Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub VİDEO

Vaşinqton, 8 dekabr, AZƏRTAC 

Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ölkəmizin zəngin mədəniyyət nümunələri bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə və geniş ictimaiyyətə təqdim olunub.

Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən təşkil edilən “İllik Qış Beynəlxalq Səfirlik Sərgisi” çərçivəsində baş tutan tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyətlərini, mətbəxlərini, ölkələrinin görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.

Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçikölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər, habelə qədim tarixi abidələri, ölkəmizin müasir infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillər nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın zəngin mətbəxinin müxtəlif təamlarına, şirniyyatlara və içkilərə qonaq ediliblər. Səfirliyin əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni və turizm potensialı barədə ziyarətçilərə geniş məlumat verib, Azərbaycan haqqında müxtəlif kitablar, jurnal və bukletlər paylayıblar.

Qeyd edək ki, ölkəmiz bu sərgidə ən iri stendlərdən biri ilə təmsil olunub. Azərbaycanın mədəniyyəti və mətbəxi olduqca böyük ziyarətçi marağına səbəb olub.

Hər ilin dekabrında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab olunur. Builki tədbirdə 37 dövlət təmsil olunub və sərgini üç min nəfərədək qonaq ziyarət edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.