CƏMİYYƏT


Vaşinqtonda tütünlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Bakı, 21 aprel, AZƏRTAC

Vaşinqtonda “Tütünlə mübarizə və tütünə qarşı vergilərin müəyyən olunması” üzrə tədbir keçirilib. Dünya Bankının tütünə nəzarət sektorunun Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə keçirdiyi tədbirin əsas məqsədi tütün istifadəsini azaltmaq və milli səviyyədə tütün məmulatlarına tətbiq olunan vergi siyasəti barədə təcrübə mübadiləsi aparmaq idi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın 35-dən çox ölkəsinin maliyyə və səhiyyə üzrə rəsmi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi bu mərkəzin direktoru Ceyhun Məmmədov təmsil edib.

Tədbir çərçivəsində keçirilən sessiyalarda tütünün səhiyyə və iqtisadiyyata təsiri ilə əlaqədar məlumatlar verilib, siqaretin səbəb olduğu xəstəliklərə ayrılan səhiyyə xərclərinin ildən-ilə artırıldığı vurğulanıb. Tütünlə bağlı verginin tətbiq olunması onun istehlakını azaltmağın ən yaxşı yollarından biri olduğu qeyd edilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, tütünlə bağlı vergilərin artırılması hər bir ölkə üçün vergi bazasının yüksəldilməsinə və inkişaf prioritetlərini maliyyələşdirmək üçün lazımi vəsaitin əldə olunmasına kömək edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.