CƏMİYYƏT
Vaşinqtondakı şənbə günü məktəbində Azərbaycan dili tədris edilir VİDEO
Vaşinqton, 13 mart, AZƏRTAC
2017-ci ilin fevral ayından başlayaraq Vaşinqton şəhərindəki “Azərbaycan ticarət və mədəniyyət mərkəzi”ndə Azərbaycan dili dərsləri keçirilir.
Bu dərslər Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilir. Şənbə günü məktəbinin könüllülük əsasında fəaliyyət göstərən müəllim heyətinin tərtib etdiyi təhsil proqramına Azərbaycan dili və ədəbiyyatı, ölkəmizin mədəniyyəti, ənənələri, coğrafiyası və tarixinə aid materiallar, habelə Azərbaycan milli rəqsləri barədə məlumat daxildir.
Proqram 5-13 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Şənbə günü məktəbində keçilən dərslər məktəblilərə Azərbaycan dilinin qrammatikasını öyrənmək, öz yaşıdları ilə ana dilində ünsiyyət saxlamaq, həmçinin Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanı yaradır. Məsələn, Novruz bayramının yaxınlaşması ilə əlaqədar, Azərbaycan məktəbinin şagirdlərinə baharın gəlişi ilə bağlı adət və ənənələr barədə məlumat verilib, Novruz bayramına həsr edilmiş səhnəciklər göstərilib.
Məktəbdə məşğələlər proqramının müəllifləri gələcəkdə tədris proqramını daha da genişləndirmək və zənginləşdirmək niyyətindədirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton