İQTİSADİYYAT


Vaşinqtonun iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı artır

A+ A

Vaşinqton, 2 noyabr, AZƏRTAC

Vaşinqton şəhərinin Kiçik və Yerli Biznesin İnkişafı Departamentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində Birləşmiş Ştatların paytaxt regionunda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə sentyabrın 15-16-da ABŞ ticarət missiyasının tərkibində Azərbaycana səfər etmiş şirkətlərin nümayəndələri ilə yanaşı, bu ölkənin Ticarət Nazirliyinin, Vaşinqton merinin ofisinin, Kiçik və Yerli Biznesin İnkişafı Departamentinin təmsilçiləri iştirak ediblər.

Kiçik və Yerli Biznesin İnkişafı Departamentinin beynəlxalq proqram üzrə meneceri Conatan Bredi qeyd olunan ticarət missiyasının səfəri barədə təqdimat edib. O, səfər çərçivəsində İqtisadiyyat, Təhsil, Mədəniyyət və Turizm nazirliklərində, ADA Universitetində, AZPROMO-da keçirilən görüşlərdən, eləcə də potensial biznes tərəfdaşları ilə apardıqları müzakirələrdən söhbət açıb. Həmin görüşlərdə tərəflər arasında informasiya-kommunikasiya texnologiyaları, ticarət, şəhərsalma, turizm, təhsil sahələrində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair faydalı müzakirələr aparıldığını vurğulayıb. C.Bredi Azərbaycanda səfərdə olduqları zaman gördüklərinin, xüsusilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin, paytaxt Bakı ilə bərabər regionlarda aparılan işlərin və yaradılmış infrastruktur imkanlarının onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını deyib. O, eyni zamanda, Azərbaycanda turizm potensialını daha yaxından öyrənmək məqsədilə ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qəbələ və Şəki şəhərlərinə səfər etdiyini bildirib. Qeyd edək ki, Şəkinin tarixi və Qəbələdə son dövrlər yaradılan müasir turizm infrastrukturu qonaqlarda böyük təəssürat yaradıb, Bakı ilə yanaşı, regionların da turizm marşrutlarına daxil edilməsi tövsiyə olunub.

Görüşdə çıxış edən səfir Elin Süleymanov dünyada baş verən proseslər, o cümlədən neftin qiymətinin kəskin azalması fonunda Azərbaycanda iqtisadi inkişafın təmin olunması, xüsusən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda ixracın stimullaşdırılması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, o, Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışıb, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycanın regionun digər ölkələrinin bazarlarına çıxış üçün əlverişli coğrafi mövqeyə malik olduğunu bildirib. Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya sınaq konteyner qatarlarının yola salındığını deyən səfir bunun vaxt baxımından dəniz yolu ilə müqayisədə üç dəfə qısa olduğunu söyləyib və tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə işə düşməsi ilə bu dəhlizin önəminin daha da artacağını qeyd edib. Bu gün bölgənin iqtisadi, siyasi mərkəzi olan Azərbaycanın dünyanın turizm mərkəzinə çevrilməsi üçün böyük imkanların olduğunu deyən səfir son dövrlər ölkəmizə gələn turistlərin sayının nəzərəçarpan səviyyədə artdığını vurğulayıb.

Diplomat əksər neft ixrac edən dövlətlərdən fərqli olaraq, Azərbaycan üçün enerji sənayesinin yeni bir fenomen olmadığını qeyd edib. O, Azərbaycanın neft sənayesinin iki əsrə yaxın tarixi olduğunu, hətta dünyada ilk neft quyusunun ölkəmizdə qazıldığını diqqətə çatdırıb. Məhz Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, ölkə başçısının uzaqgörən strategiyası nəticəsində neftdən gələn gəlirlərin bütöv regionun, Azərbaycanda infrastrukturun və qeyri-neft sektorunun inkişafına yönəldildiyini vurğulayıb. Bildirilib ki, hazırda neftdən gələn gəlirlərin azalmasına baxmayaraq, ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində əsas infrastruktur layihələri öz bəhrəsini verməkdədir.

Vaşinqton şəhəri merinin ofisinin protokol və beynəlxalq əlaqələr üzrə direktoru Patrisiya Elvud tədbirdə çıxış edərək Azərbaycana baş tutmuş ticarət missiyasının ümumilikdə Bakı ilə Vaşinqton arasında müxtəlif sahələrdə təmasların qurulması və əməkdaşlığın təşviqi baxımından səmərəli olduğunu söyləyib. O, bunun gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.