MƏDƏNİYYƏT
Vaterloo tarixi filmlər festivalında Azərbaycan haqqında ekran əsəri nümayiş etdirilib
Brüssel, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində oktyabrın 21-də Belçikanın Vaterloo şəhərində Azərbaycan gecəsi təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ölkəmizin müstəqilliyinin bərpasından ötən müddətdə keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. O, Azərbaycan ilə Belçika arasında çoxşaxəli əməkdaşlığın mövcudluğunu və hər iki tərəfin bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduğunu bildirib.
Festival çərçivəsində məşhur aktyor Jerar Depardyenin iştirakı ilə çəkilmiş və Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış: Aleksandr Dümanın izi ilə” filmi nümayiş etdirilib. Film tamaşaçılar, o cümlədən Belçikanın dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel