DÜNYA
Vatikanın Müqəddəs Pyotr meydanında təhlükəsizlik tədbirləri gücləndirilib
Vatikan, 21 sentyabr (AZƏRTAC). Roma Papası Fransiskə və ya Vatikanda hər hansı bir məntəqəyə qarşı mümkün terror təhlükəsinin qarşısını almaq üçün Müqəddəs Pyotr meydanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu qərar son günlərdə “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandırılan terrorçu qruplaşmanın fəaliyyətinin genişlənməsi ilə bağlıdır.
Ötən həftə İŞİD-in xristian aləmini hədəfə alması ilə bağlı məsələyə münasibət bildirən İtaliyanın daxili işlər naziri Angelino Alfano deyib: “Ölkəmizə qarşı hər hansı terror təhlükəsinin olması ilə bağlı heç bir əsaslı dəlil yoxdur”.
İŞİD-in İtaliyaya qarşı hər hansı təhlükə yaratmayacağını vurğulayan İtaliyanın xarici işlər naziri Federika Mogherini isə qeyd edib: “İŞİD qlobal miqyasda bir təhlükədir. Məhz bu səbəbdən də bu qruplaşmaya qarşı beynəlxalq səviyyədə, koordinə edilmiş mübarizə aparmaq lazımdır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan