CƏMİYYƏT
Vaxtında müayinə və müalicə olunmaqla korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-i Dünya Görmə Günüdür.
Dünya Görmə Günü (World Sight Day) Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə ictimaiyyətin diqqətinin yönəldilməsi üçün təqvimə salınıb.
Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin məlumatına görə, dünyada təxminən 41 milyon insan korluqdan əziyyət çəkir. Bu insanların 82 faizinin yaşı 50-dən yuxarıdır. Görmə problemləri olanların 19 milyonu isə uşaqlardır. Onların 1,5 milyonu tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır.
Korluq – görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı əmələ gələn korluq halları da geniş yayılıb.
Mütəxəssislər bildirir ki, vaxtında müayinə və müalicə olunmaqla korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi həm Bakıda, həm Masallı regional şöbəsində, həmçinin səyyar klinika vasitəsilə respublikanın bütün bölgələrində əhali arasında geniş maarifləndirici və profilaktiki tədbirlər, oftalmoloji xəstələrin müayinə və müalicəsini həyata keçirir.