ELM VƏ TƏHSİL
Vaxtında nəşr edilmiş gərəkli kitab
Bakı, 1 iyun, AZƏRTAC
Tarix elmləri doktoru, professor Nurulla Əliyevin və tarix elmləri doktoru, professor Pərvin Darabadinin “XX əsr dünya müharibələrinin geosiyasəti və Qafqaz-Xəzər regionu (geotarixi oçerklər)” kitabı çapdan çıxıb.
Kitabda Birinci və İkinci Dünya müharibələri dövründə Qafqaz-Xəzər regionunda baş vermiş əsas hərbi-siyasi hadisələr kompleks şəkildə işıqlandırılıb. İkinci Dünya müharibəsi illərində dünya birliyinin XX əsrin “qəhvəyi taunu” faşizmə qarşı mübarizəyə Qafqazın töhfəsi və bu mübarizədə Azərbaycanın mühüm rolu məsələlərinə xeyli yer ayrılıb.
Müəlliflər ilk baxışda bizdən uzaq sayıla biləcək dövrlərin hadisələrinə həsr edilmiş bu araşdırmanın aktuallığını kitabın giriş bölməsində son dərəcə dəqiq ifadə ediblər: “Yeni dünya nizamının formalaşdığı müasir dövrdə intensiv və mürəkkəb qloballaşma prosesləri, beynəlxalq terrorizm qüvvələrinin xeyli fəallaşması ilə əlaqədar, Qafqaz-Xəzər regionunun geosiyasi və geoiqtisadi əhəmiyyəti tamamilə yeni xarakter kəsb edir”.
Bu fundamental araşdırmada nəzərdən keçirilən məsələlərin genişliyini və dərinliyini təsəvvür etmək üçün onun bölmələrinin başlıqlarına diqqət yetirmək kifayətdir: “Geosiyasət və Birinci Dünya müharibəsi”, “Türkiyə və Almaniya Qafqaz uğrunda mübarizədə”, “Müharibələrarası dövrdə Qafqaz və Azərbaycan”, “1920-ci ilin baharında Qafqaz-Xəzər regionunda baş vermiş hərbi-siyasi hadisələr və Azərbaycan”, “Qafqaz-Xəzər regionu və Almaniyanın hərbi-strateji planları” və s.
Kitabla tanış olandan sonra müəlliflərin belə bir fikri ilə razılaşmamaq çətindir ki, XX əsrin birinci yarısı “məhz Qafqaz-Xəzər regionunun hər iki dünya müharibəsinin gedişinə, Yaxın və Orta Şərqdə hərbi siyasi hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərmiş ən mühüm geostrateji mərkəzlərdən birinə çevrilməsi ilə əlamətdar olub”.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası tərəfindən əsl vaxtında nəşr edilmiş bu gərəkli kitab humanitar ali məktəblərin və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, adyunkt və aspirantları, tələbə və kursantları üçün nəzərdə tutulub.
Nəşrin hərbi məsləhətçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.