ELM VƏ TƏHSİL
Veb-saytların optimallaşdırılması sahəsində tədqiqatlar aparılır
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda veb-saytların optimallaşdırılması sahəsində tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hazırda internet şəbəkəsində biznes mühitinin yaradılması və inkişaf etdirilməsi istiqaməti üzrə veb-saytların optimallaşdırılması məsələləri tədqiq edilir. Veb-saytın fəaliyyətinin səmərəliyini artıran amillərdən biri də saytın naviqasiyasının sadəliyidir. Bu tədqiqatlar istifadəçilər üçün daha cəlbedici, veb-analitiklər üçün isə daha səmərəli veb-saytların yaradılmasına kömək edir.
İnternet şəbəkəsində sürətlə artmaqda olan veb-saytların optimallaşdırılması veb-resursların funksionallığına və ziyarətçilərin sayının artırılmasına, konversiya dərəcəsinin yüksəldilməsinə, informasiya və biliklər cəmiyyətinin formalaşmasına xidmət edir. Veb-analitik məlumatlar əsasında optimallaşdırma məsələləri veb-saytların inkişafında prioritet sahələri müəyyənləşdirməyə kömək edir ki, bu da vətəndaşların maraq dairəsini öyrənmək və cəmiyyətin nəbzini müəyyənləşdirmək üçün olduqca əhəmiyyətlidir.