REGİONLAR


Vəli Baxşəliyev: Yeni aşkar olunan qədim yaşayış yerində Yaxın Şərqin tarixi ilə bağlı mühüm faktlar ortaya çıxa bilər

A+ A

Naxçıvan, 20 oktyabr, Tural Kəngərli, AZƏRTAC 

Oktyabrın ortalarında Naxçıvan şəhərinin cənubunda yerləşən Naxçıvan çayının sağ sahilində qədim yaşayış yeri aşkar olunub. Həmin yaşayış yerinin aşkar olunması Naxçıvan şəhərində məskunlaşmanın 5 min il bundan əvvəl deyil, hətta 8-9 min il bundan əvvəl baş verdiyini deməyə əsas verə bilər. Yəni Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasının tarixi elmə məlum olan dövrdən də qədimlərə dayanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Alim qeyd edib ki, bu yaşayış yerinin aşkar olunması olduqca böyük əhəmiyyətə malikdir. Çünki 2010-2014-cü illərdə muxtar respublikanın Babək rayonunda yerləşən Kültəpə abidəsinin ətrafında aparılan araşdırmalar zamanı neolit və eneolit dövrünə aid bir çox yaşayış yerləri aşkar olunmuşdu. Yeni aşkar edilən yaşayış yerindən tapılan bəzi əmək alətləri və keramika nümunələri isə burada eneolit dövründə də məskunlaşmanın olduğunu təsbit etməyə imkan verir.

“Gələcəkdə bu yaşayış yerinin ərazisində aparılacaq araşdırmalar zamanı əldə ediləcək nəticələr Azərbaycanın, eyni zamanda, Cənubi Qafqaz və Yaxın Şərqin tarixi üçün yeni və çox böyük əhəmiyyətə malik faktların ortaya çıxmasına səbəb ola bilər” ,– deyən Vəli Baxşəliyev qeyd edib ki, ümumilikdə aparılan arxeoloji qazıntıların nəticələrini əsasən Göyçə gölü və Urmiya hövzəsi də daxil olmaqla böyük bir ərazi ulu əcdadlarımızın əsas məskənlərindən biri olub.

Muxtar respublika ərazisində yeni tapıntılar barədə danışan AMEA-nın müxbir üzvü deyib: “Son zamanlar elmə məlum olan abidələrimizdən biri də Culfa rayonunun Xanəgah kəndi yaxınlığında, Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə aşkar edilən qaya təsvirləridir. Həmin ərazidəki qaya təsvirlərinin rəsmləri, onların çəkilmə texnikası ilə bağlı müəyyən araşdırmalar aparılıb. Bu təsvirlər başlıca olaraq insanı, geniş mənada həyat ağacını, dünyanı simvolizə edir. Qaya təsvirlərindən ikisinin döymə texnikası ilə icra edildiyi üçün daha qədim dövrlərə aid olduğu ehtimal edilir, biri isə kəsmə və cızma texnikası ilə icra olunduğu üçün onu orta əsrlərə aid etmək mümkündür. Bu təsvirlərlə Gəmiqaya təsvirləri arasında xeyli bənzərliklərin olduğu ortaya çıxıb. Təsvirlərin çəkildiyi yer qədim insanların məskunlaşdığı ərazidir, burada yaşayış yerlərinin, ən azından mövsümi yaşayış yerlərinin olması ehtimal edilir. Bu təsvirlər Gəmiqaya təsvirləri ilə birbaşa oxşarlıq təşkil edir və Cənubi Qafqazda bir neçə yerdə, o cümlədən Göyəm dağlarında da bu cür təsvirlərin aşkar edilməsi onların Naxçıvanda yaşayan qədim tayfalarla bağlılığını ifadə edir”.

Vəli Baxşəliyev deyib ki, bu təsvirlər gələcəkdə daha geniş şəkildə tədqiq olunacaq. Bu, Azərbaycan tarixinin öyrənilməsi, xüsusən, qədim Naxçıvan tarixinin dərin qatlarının aşkara çıxarılması baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.