İDMAN


Vəli Qasımov: Komandanın yaxşı nəticə göstərəcəyinə inanıram

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Bizi çətin oyun gözləyir. Komandanı izləmişik və çox yaxşı rəqibdir. Rəqibin yaxşı futbolçuları var. Lakin evdə qələbə qazanmaq üçün darıxmışıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Vəli Qasımov deyib. Baş məşqçi Avropa Liqasının II təsnifat mərhələsinin Makedoniyanın “Şkendiya” komandası ilə keçiriləcək ilk oyun haqda bunları bildirib:

“Fikrimcə, “Baltsan” da zəif komanda idi, amma Bakıda bizə qalib gəldi. İndiki rəqibin müdafiədə demək olar ki, problemləri yoxdur. Rəqibin heyətində 6 əcnəbi və milli komandanın 5 oyunçusu var. İlk oyunda cütün taleyini həll etmək çox çətindir. Heç kim buna zəmanət vermir. Bizim problemimiz öz meydanımızda qələbə qazana bilməməyimizdir. Məğlub olmaq heç kimin ürəyincə deyil. Malta klubu ilə oyuna təkrar baxmışıq. İlk hissədə elə də problemimiz olmayıb. Ancaq ikinci hissədə qoldan sonra ruhdan düşdük, inam itdi. Bundan sonra anlaşılmazlıq oldu. Ümumilikdə isə iki oyuna görə pis oynamadıq”.

V.Qasımov komandasındakı transfer məsələsinə toxunub: “Bəzi oyunçuları nəzərdə tutmuşuq və danışıqlar gedir. Yubanmanın səbəbi danışıqlardır. Həm futbolçu, həm də klublarla söhbət aparırıq. Bəzi oyunçular vardı ki, dəvət etdik. Nə qədər tez gəlsələr, o qədər yaxşı olar.

Mütəxəssis “Şkendiya” qarşısına çıxacaq heyətdən də söz açıb: “Artıq start heyətini müəyyən etmişik. Ancaq bunu açıqlaya bilməyəcəm. Elə də böyük dəyişiklik olmayacaq. Çünki heyətimiz o qədər geniş deyil. Rəqibin oyun üslubunu bilirik. Oyuna hazırıq. Komandanın çıxıb yaxşı nəticə göstərəcəyinə inanıram”, - deyə çalışdırıcı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.