İDMAN
Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur VİDEO
Bakı, 30 iyun (AZƏRTAC). Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın sonuncu gününün finişi Daşkəsəndə təşkil olunmuşdur.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparmışdır. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun 4 üzvü, müvafiq olaraq elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirak etmələri ona olan marağı xeyli artırmışdır.
Yarışın proqramına əsasən, sonuncu gün elit, U-23 və gənclər arasında 120 kilometr məsafəyə qrup ötüşməsi üzrə ən güclülər müəyyənləşmişdir. Yürüşə Gəncə şəhərində, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündən start verən velosipedçilər Göygöl rayonundan keçməklə Daşkəsənə doğru istiqamətlənmişlər.
Startdan dərhal sonra əsas mübarizə pelotondan xeyli aralanan “Synergy Baku” komandasının üzvləri Elçin Əsədov, Tural İsgəndərov və Samir Cəbrayılov arasında getmişdir. İlk 20 kilometrdən sonra Tural İsgəndərov əsas rəqibləri ilə təxminən 2 dəqiqəlik fərq yaratsa da, sonradan Elçin Əsədov onu qabaqlamışdır. E.Əsədov finiş xəttini hamıdan birinci - 3 saat 27 dəqiqə 35 saniyəyə keçmişdir. Tural İsgəndərov çempiona 30 saniyə uduzmaqla gümüş medalla kifayətlənmişdir. Samir Cəbrayılov isə bürünc medala sahib olmuşdur.
Gənclər arasında 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri Kənan Qəhrəmanlı, Nicat Qarayev və Elmar İlyasov ilk 3 pilləni bölüşmüşlər.
Təltifetmə mərasimindən əvvəl Daşkəsən Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, həmçinin idmançı və məşqçilər ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaqdır.