İDMAN


Velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, medalları ölkəmizin “Synergy Baku” kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıblar.

Otuz kilometr məsafəyə fərdi ötüşmədə elit yığma komandamızın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.

Çempionatda 112 kilometr məsafəyə qrup ötüşməsində isə elit yığma komandamızın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. İkinci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə üçüncü yerlə kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.