REGİONLAR


Velosiped yürüşü üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Sədərək, 22 may, AZƏRTAC 

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən velosiped yürüşü üzrə Sədərək rayon birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarış Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Sədərək rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək, yarışın keçirilməsində məqsədin Sədərək rayonu ərazisində hava və ekstremal idman növlərinin kütləviliyinə nail olunması olduğunu qeyd edib, ölkəmizdə idmana göstərilən dövlət qayğısı haqqında danışıb.

Səksən nəfər yeniyetmə və gəncin qatıldığı yarışda idmançılar Heydər bulağının qarşısından Heydərabad qəsəbə parkına qədər 2 min metr məsafəni qət ediblər. Maraqlı keçən mübarizə nəticəsində Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Elvin Qasımlı I, Sədərək kənd tam orta məktəbin şagirdi Natiq Qasımov II, Qaraağac kənd tam orta məktəbin şagirdi Rəfael Əliyev isə III yeri tutublar.

Sonda qaliblər Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin diplomları, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.