İDMAN
Velosipedçilərimiz Çində “Tour de Qinghai Lake” yürüşündə iştirak edəcək
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" iyulun 5-də Çində start götürəcək sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında 23 komanda mübarizə aparacaq. Onlardan biri dünya turu, üçü pro-kontinental, 19-u isə kontinental klubdur.
Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunacaq. Bunlar Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Markus Eybeger, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçdir.
İyulun 4-də iştirakçı komandaların təqdimat mərasimi keçirilib. Yarışın proqramına əsasən, sabah Sinin şəhərinin küçələrində baş tutacaq ilk mərhələdə iştirakçılar 121 kilometr məsafə qət edəcəklər.
On üç mərhələdən ibarət “Tour de Qinghai Lake” yürüşünə iyulun 18-də yekun vurulacaq.