İDMAN
Velosipedçilərimiz Estoniya turuna uğurla başlayıblar
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” mayın 29-da start verilən Estoniya turuna uğurla başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında komandamızın 8 üzvü mübarizə aparır.
Birinci mərhələdə iştirakçılar paytaxt Tallinndən Tartuyadək 197 kilometr məsafə qət ediblər. Komandamızın üzvlərindən ən yüksək nəticəni Yannis Tamuridis göstərib. Gələn ay keçiriləcək birinci Avropa Oyunlarında Yunanıstan milli komandasının heyətində də çıxış edəcək velosipedçi marşrutu 4 saat 30 dəqiqə 32 saniyəyə qət edib və finiş xəttini ikinci keçib. Birinci Avropa Oyunlarında Azərbaycan yığmasının şərəfini qoruyacaq Maksim Averin isə iki dağ sprintinin birində qalib olub. O, hazırda sıralamada ikinci yerdədir.
Mayın 30-da keçiriləcək ikinci – sonuncu mərhələdə iştirakçılar Tartu şəhərinin küçələrində 150 kilometr məsafə qət edəcəklər.
Estoniya turu yığma komandamızın üzvləri Elçin Əsədov və Maksim Averin üçün ilk Avropa Oyunlarından əvvəl sonuncu yarışdır.
Yarışdan sonra Azərbaycana qayıdacaq velosipedçilərimiz mötəbər turnirə hazırlıqları ölkəmizdə davam etdirəcəklər.