İDMAN


Velosipedçilərimiz İtaliya və Belarusda növbəti reytinq xalları qazanıblar

Bakı, 10 iyul, AZƏRTAC

Velosiped idmanının şose növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətdar olub. İdmançılarımız bu yarışlarda 33 xal əldə ediblər.

AZƏRTAC xəbər verir ki, İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci “Giro d'Italia Internazionale Femminile” 10 mərhələli dünya turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. Birinci mərhələdə komanda ötüşməsində 7-ci olan Y.Pavluxinanın qazancı 10 xal olub. On mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.

Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük “Minsk Cup” yarışında isə ölkəmizin elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib. O 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.

Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.