REGİONLAR
Vəlvələçay üzərində yerləşən 120 metr uzunluğundakı körpü bərpa olunacaq
Şabran, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 146-cı kilometrliyində Vəlvələçay üzərində yerləşən körpü bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, körpünün uzun müddət istismarda olması, üzərində mütəmadi olaraq iritonnajlı yük maşınlarının hərəkəti, həmçinin yaz-yay aylarında leysan yağışları nəticəsində çayda sululuğun artması təmir-bərpa işlərinin başlanılmasını zəruri edib.
Aparılacaq təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bununla da gələcəkdə ağırtonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını alınacaq.
Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq, yaxınlıqda salınan alternativ yola yönəldiləcək. Alternativ yolun eni 8, uzunluğu isə 800 metrdir.
Vəlvələçay üzərində yerləşən və uzunluğu 120 metr olan yeddiaşırımlı körpü 1972-ci ildə inşa olunub.