DÜNYA
Venesuela 100 bolivar nominalında əsginasın dövriyyədən çıxarılmasını təxirə salıb
Bakı, 19 dekabr, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro ölkə ərazisində 100 bolivar nominalında ən iri əsginasın dövriyyədən çıxarılmasını müvəqqəti dayandırıb.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, əsginasların ticarət və bank əməliyyatlarında dövriyyəsi 2017-ci il yanvarın 2-dək uzadılıb. Venesuela hökuməti ölkəni bürüyən etiraz dalğaları, soyğunçuluq və nağd pul çatışmazlığı səbəbindən bu cür tədbirlərə qarşı müvafiq tədbirlər görmək qərarına gəlib. Qeyd edək ki, Venesuela hökuməti 100 bolivar nominalında əsginasın dövriyyədən çıxarılması ilə bağlı qərar vermişdi.
Venesuela sakinlərinin çoxunun ərzaq məhsulları, benzin və Milad hədiyyələri almağa vəsaitləri çatmır. Eyni zamanda, sakinlərin təxminən 40 faizinin bank hesabları yoxdur və buna görə də internet vasitəsilə ödəniş edə bilmirlər. Dünyada ən yüksək inflyasiya göstəricisinə görə Venesuela ilk yerlərdədir.
Venesuela 2014-cü ildə neft qiymətlərinin aşağı düşməsi səbəbindən ciddi zərər çəkib. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, inflyasiya bu ilin sonuna ölkədə 480 faizə çatacaq, gələn il isə 1640 faiz təşkil edəcək.