DÜNYA


Venesuela: Konstitusiya Assambleyasına seçkilərdə 41,53 faiz iştirak qeydə alınıb

Bakı, 31 iyul, AZƏRTAC

Venesuelanın Konstitusiya Assambleyasına seçkilərdə 8 milyon seçici iştirak edib. Milli Seçki Şurasının sədri Tibisay Lusenanın sözlərinə görə seçkilərdə iştirak 41,53 faizə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Venesuela Vahid Sosialist Partiyasının sədr müavini Dosdado Kabelo seçkilərdə iştirak faizinin rekord olduğunu vurğulayıb.

Müxalifətin nümayəndələri isə venesuelalıların seçkilərdə aktiv iştirak etmədiyini deyir. Müxalifət liderlərindən biri Enrike Kaprilesin iddiasına görə, seçkilərdə iştirak faizi Konstitusiya Assambleyasının çağırılması üçün ölkə konstitusiyasının müəyyənləşdirdiyi 15 faizə belə çatmayıb.

Xatırladaq ki, Prezident Nikolas Maduronun ilkin referendum keçirilmədən Konstitusiya Assambleyasını çağırmaq qərarı ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Ötən sutka ərzində etiraz aksiyaları zamanı azı 12 nəfər həyatını itirib. Seçki günü paytaxt Karakasda, eləcə də Merida və Taçira ştatlarında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib. Bir çox yerlərdə aksiyalar kütləvi iğtişaşlarla nəticələnib. Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 4,9 min nəfər isə həbs olunub. Onların təxminən 1,4 min nəfəri hələ də həbsxanadadır.

Regionun bir sıra ölkələri səsvermənin nəticələrini tanımadıqlarını artıq elan ediblər. ABŞ bildirib ki, Venesuelanın hakimiyyət orqanlarına qarşı tədbirlər görməkdə davam edəcək. Müxalifət isə seçkilərin nəticələrindən asılı olmayaraq, etiraz aksiyalarını davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.