İQTİSADİYYAT
Venesuela: Neftin qiyməti 20 dollar/barreldən də aşağı düşə bilər
Bakı, 27 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Forumu çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan digər böyük neft istehsalçılarının qeyri-rəsmi görüşlərində neft hasilatının azaldılması və ya “dondurulması” ilə bağlı hər hansı bir qərar qəbul edilməsə bazarda neft qiyməti 20 dollar/barreldən də aşağı düşə bilər.
AZƏRTAC “rt.com”a istinadla xəbər verir ki, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino bu qənaətdədir.
“Hazırda Venesuela neftin ucuzlaşmasının qarşısının alınması üçün Səudiyyə Ərəbistanı və İranla mütəmadi danışıqlar aparır. Sentyabrın 28-dək müsbət qərar qəbul edilməsə hasilatçı ölkələrin arasındakı mövcud qiymət müharibəsi bazarda neftin qiymətinin 20 dollar/barreldən aşağı düşməsinə səbəb olacaq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu OPEC-ə üzv ölkələrin qeyri-rəsmi görüşünün sentyabrın 28-də keçiriləcəyini bildirib. Görüşdə neft hasilatının “dondurulması” məsələsi əsas müzakirə mövzusu olacaq.