DÜNYA
Venesuela Prezidenti ona manqo meyvəsi atan qadına ev bağışlayıb
Bakı, 25 aprel, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro ona manqo meyvəsinin atılması ilə bağlı insidentə qeyri-adi tərzdə reaksiya verib. Prezident ona hücum edən qadına ev bağışlayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, insident keçən bazar günü Ansoateqi ştatında baş verib. İlk peşəsi sürücülük olan Nikolas Maduro Barselona şəhərinin küçələrinin birində yolun yeni hissəsinin açılışı münasibətilə təşkil olunan aksiya çərçivəsində avtobus sürərkən ona manqo meyvəsi atılıb. Manqo Prezidentin başına tuş gəlib.
Bundan sonra Nikolas Maduro ona atılan meyvə ilə birgə dövlət televiziyasının efirinə çıxıb və hücum edənin manqonun qabığında Prezidentə müraciətini və telefon nömrəsini yazdığını deyib. “Əgər bacarsan mənə zəng elə” sözlərinin müəllifinin 54 yaşlı qadın olduğu aşkarlanıb.
Venesuela Prezidenti köməkçilərinin artıq qadınla əlaqə saxladıqlarını bildirib. “Vətəndaşın yaşayış evi ilə bağlı problemi olub və mən ona “Böyük missiya” proqramı çərçivəsində ev verilməsini tapşırmışam”, - deyə Prezident qeyd edib.