CƏMİYYƏT
Vərəm xəstələrinin sayında azalma müşahidə olunur
Bakı, 17 may, AZƏRTAC
2015-ci ilin məlumatına görə, dünyada 10, 4 milyon nəfər vərəm xəstəliyinə yoluxub. Onun 5,9 milyonunu kişilər, 3,1 milyonunu qadınlar, 1 milyonunu isə uşaqlar təşkil edib. Həmin xəstələrin 60 faizi Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan və digər ölkələrdə yaşayır. Həmin ildə aparılmış statistikaya əsasən, onların 480 min nəfəri vərəmin çoxsaylı dərmanlara davamlı növünə yoluxublar.
AZƏRTAC xəbər verir ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda “Dünyada və Avropada vərəmlə bağlı epidemioloji vəziyyət” mövzusunda jurnalistlər üçün keçirilən seminarda son illər, xüsusilə 2010-2016-cı illər ərzində geniş yayılmış yoluxucu xəstəliklər sırasında yer tutan vərəmlə əlaqədar dünya və Avropa ölkələrində yoluxma formaları, onun yayılma arealı, diaqnostikası, müalicə və mübarizə formaları haqqında ətraflı məlumat verilib. Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova həmin məlumatları çatdırarkən düzgün müalicə edildiyi təqdirdə xəstələrin sağalaraq normal həyat tərzi şəraitində uzun ömür sürmək imkanlarına malik olduğunu söyləyib.
Hazırda ölkəmizdə 9 minə yaxın vərəm xəstəsi olduğu və onların təxminən yarısının yeni yoluxduğu da jurnalistlərin nəzərinə çatdırılıb. Professor bu sahədə ölkəmizdə aparılan müalicə-profilaktika tədbirləri nəticəsində azalma tendensiyası olduğunu bildirib. O, xəstəliyə yoluxanların 83 faizinin uğurlu müalicə olunduğunu qeyd edərək Avropada bu rəqəmin 85 faiz olduğunu və həmin göstəriciyə nail olmaq üçün mübarizə aparıldığını da çatdırıb. Təkrar yoluxanların müalicəsi isə 73 faiz hallarda uğurla nəticələnib. Vərəmə yoluxma halları daha çox 25-44 yaş arasında olanlarda təsadüf edilir.
Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Cəvahir Süleymanova öz çıxışında vərəm virusuna qarşı müxtəlif müəssisələrdə, xüsusilə penitensiar sahədə aparılan təlimlər barədə danışıb. Onun verdiyi məlumata görə, 2012-ci ildən 2015-ci ilin axırınadək 66 təlim keçirilib hə həmin təlimlərdə 392 həkim, 134 tibb işçisi, 134 orta tibb işçisi, 70 laborant və digər qurumların əməkdaşları iştirak ediblər. Penitensiar xidmətdə növbəti təlimin iyunun ikinci həftəsində keçirilməsi nəzərdə tutulub.
Sonra Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova vərəm xəstəliyinin yoluxma yolları, simptomları, qorunma üsulları, konsultativ poliklinika şöbəsinin müdiri Nailə Mahmudova isə uşaqlar arasında vərəmin profilaktikası haqqında mətbuat nümayəndələrinə ətraflı məlumat veriblər.