CƏMİYYƏT


Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqləri və təhqiqatçıları üçün birgə təlimlərə başlanılıb

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqlərinin və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən, sentyabrın 18-dən etibarən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılıb.

Bu barədə Vergilər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir.

Tədbirdə qeyd olunub ki, Vergilər Nazirliyinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi təşkilati və hüquqi islahatların, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluq tərəfindən bu sahəyə nəzarətin düzgün təşkilinin və göstərilən əməli köməkliyin, habelə mövcud ikitərəfli işgüzar münasibətlərin nəticəsində nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayət və digər hüquqpozma hallarına, xüsusilə də vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət sahəsində digər cinayətlərə qarşı məqsədyönlü və ardıcıl şəkildə səmərəli mübarizə tədbirləri uğurla davam etdirilir. Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə fəaliyyətin daha yüksək səviyyədə təşkili məqsədilə görülən işlərlə yanaşı, qurumun müstəntiq, təhqiqatçı və əməliyyatçılarının müntəzəm qaydada müvafiq təlim və tədris kurslarına cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, vergi cinayətkarlığına qarşı mübarizədə ibtidai araşdırmanın keyfiyyətinin artırılması sahəsində hüquqi yardımın göstərilməsi məqsədilə təşkil olunan təlimlər oktyabrın 8-dək davam edəcək.

Tədris prosesinin sonunda keçirilmiş mövzuların dinləyicilər tərəfindən hansı dərəcədə mənimsənilməsi və tədrisin səmərəliliyinin müəyyən edilməsi məqsədilə imtahanın keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.