REGİONLAR
Vergi Məcəlləsində dəyişikliklər sahibkarlığın inkişafına təkandır
Masallı, 22 fevral, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin böyük əksəriyyəti vergiödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 22-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində yerli sahibkarlarla keçirilən görüşdə səsləndirilib.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tətbiqi ilə əlaqədar 6 saylı Ərazi Vergilər İdarəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sahibkarlarla yanaşı, yerli icra strukturlarının və bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu dövlətin sahibkarlara yeni qayğısı kimi dəyərləndirərək bildirib ki, bu dəyişikliklər vergi ödəyicilərinin xeyrinədir, sahibkarlığın inkişafına təkandır. 2017-ci ildən başlayaraq, ölkəmizin 33 şəhər və rayonunun, o cümlədən Masallının dövlət büdcəsindən dotasiya almadan özünü maliyyələşdirdiyini vurğulayan R.Hüseynov vergilərin vaxtında ödənilməsinin çox vacib məsələ kimi gündəmdə durduğunu diqqətə çatdırıb.
6 saylı Ərazi Vergilər İdarəsi direktorunun səlahiyyətlərini icra edən vergi xidməti müşaviri Vəlahəddin Yunsurov Vergi Məcəlləsində edilən dəyişiliklər, “Nağdsız hesablaşmalar haqqında” və "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, Qanuna əsasən Vergi Məcəlləsinə 201 dəyişiklik, 115 yeni maddə əlavə edilib. Dəyişikliklər üzrə 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və vergidən azadolmalarla bağlıdır.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.