İQTİSADİYYAT
Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi yeniliklər əlavə edilib
Bakı, 28 fevral, AZƏRTAC
Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov deyib.
O bildirib ki, bunların sırasına vergiödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən “Könüllü vergi açıqlaması” sisteminin tətbiqi, transfert qiymətlərinə və ofşor zonalarda qeydiyyatdan keçmiş müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin qurulması, rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron ticarət üzərində vergi mexanizmlərinin yaradılması daxildir.
Nazir nəzərə çatdırıb ki, E-ticarət üzərində vergi mexanizmlərinin yaradılması hazırda dünya vergi administrasiyalarının qarşısında duran həlli mürəkkəb problemlərdən biridir. “Bu sahədə vergi mexanizmlərinin qurulması məqsədilə bir çox ölkələrin, xüsusilə aparıcı Avropa dövlətlərinin təcrübəsi öyrənilib və MDB məkanında problemin ən effektiv və spesifik həlli məhz Azərbaycanın vergi qanunvericiliyində öz əksini tapıb”, - deyə F.Məmmədov vurğulayıb.