İQTİSADİYYAT
Vergi Məcəlləsinə və dövlət rüsumu haqqında qanunlara dəyişikliklər böyük perspektivlər vəd edir
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanunlarını imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı hər iki qanunun iqtisadi əhəmiyyətini AZƏRTAC-a şərh edərək deyib:
“Dəyişikliklərə əsasən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmir yolu stansiyasında xarici dövlətlərə məxsus avtomobillərə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə yüklənərək ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə və əksinə daşındıqda iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır. Bu, nə deməkdir? Əgər yük Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Məsələn, İrandan keçməklə Astara dəmir yolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmir yolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmir yolu ilə daşıma xərclərindən cüzi fərqlənən bir həddə yaxınlaşmışdı. Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaqdır. Bu isə Azərbaycan dəmir yolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən, daşımalarla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməkdən məmnun qalacaqlar”.
İİTKM-nın icraçı direktoru deyib ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır. Çünki Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmir yolu əlaqəsi də tam təmin ediləcəkdir. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi ölkəmizi tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumuna və yol vergisinə edilən güzəşt dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir göstərsə də yükdaşımaların artması daha böyük perspektivlər vəd edir.
Qeyd edilməlidir ki, dəyişikliklər Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.
V.Qasımlı bildirib ki, dəyişikliklərə əsasən, yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və uyğun qaydada dəmir yolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək.