İQTİSADİYYAT
Vergi işçiləri hüquq-mühafizə orqanlarının tədris müəssisələrində təlimlərə cəlb olunurlar
Bakı, 8 dekabr, AZƏRTAC
Vergilər Nazirliyində əməliyyat-istintaq fəaliyyətinin daha yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlərlə yanaşı, kadrların peşəkarlığının artırılması sahəsində də tədbirlər həyata keçirilir, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiq, təhqiqatçı və əməliyyat müvəkkilləri vaxtaşırı olaraq müvafiq təlim və tədris kurslarına cəlb olunurlar.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, vergilər nazirinin əmri ilə təsdiq edilmiş “İbtidai istintaq sahəsi üzrə inzibatçılığın təkmilləşdirilməsinə dair” tədbirlər planında departamentin müstəntiq, təhqiqatçı və əməliyyat müvəkkillərinin aidiyyəti sahələr üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə onların digər hüquq-mühafizə orqanlarının tədris müəssisələrində təlimlərə cəlb edilməsi nəzərdə tutulub.
Bu məqsədlə dekabrın 1-dən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında departamentin əməliyyat müvəkkillərinin əməliyyat-axtarış fəaliyyəti, cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə təlimlərin aparılmasına başlanılıb.
Təlimlər dekabrın 23-dək davam edəcək, sonda dinləyicilər imtahan verəcəklər.