İQTİSADİYYAT


Vergi islahatlarının istiqamətləri təsdiqləndi

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu Sərəncam vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsini təmin edəcək.

Vergilər Nazirliyi üç ay müddətində vergi sahəsində aparılacaq islahatların istiqamətlərinə uyğun qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim edəcək.

Sərəncama əsasən vergi yoxlamalarının qısa müddətdə başa çatdırılması üzrə inzibatçılıq təkmilləşdiriləcək. Aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin edilməsi şəffaflıq üçün vacibdir. Nümunəvi vergi ödəyicilərinin fərqləndirilməsi vergi mədəniyyətinin daha da yüksəldilməsinə və vergi bazasının genişlənməsinə zəmin yaradır.

Vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişlənəcək, Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyası tətbiq olunacaq.

Sərəncama əsasən real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini yaradılacaq.

İslahat tədbirlərində nəzərdə tutulur ki, borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın təkmilləşdirilməsi təmin edilsin. Həmçinin vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını təkmilləşdiriləcək. Vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, “ASAN imza”nın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.