İQTİSADİYYAT


Vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsi genişləndirilir

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

Müasir standartlara uyğun olaraq, vergi ödəyicilərinə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsinin zəruri olduğu əks olunub.

Qeyd olunub ki, “Outbound Call Centre” – Çağrı Mərkəzi təmsilçilərinin mövcud olan və ya gözlənilən (nəzərdə tutulan) müştərilərə zəng etmələri ilə bağlı fəaliyyətidir. Bu fəaliyyət texnoloji imkanlardan istifadə etməklə bir saat ərzində Çağrı Mərkəzi tərəfindən mümkün qədər çox müştəriyə zəng edilməsini nəzərdə tutur. Bu funksiyalara mövcud olan problemlər və gecikmələrlə bağlı məlumatlandırma, yeni uçota alınmış vergi ödəyicilərinin onlara yardım məqsədilə məlumatlandırılması, borcların yığılması, müştəri məmnunluğu ilə bağlı sorğuların və araşdırmalarının aparılması daxildir.

Bu xidmət növünün tətbiqi nəticəsində vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən və ya əksər hallarda məlumatsızlıq yaxud unutqanlıq səbəbindən öz öhdəliklərini vaxtında icra etməyən vergi ödəyicilərinin daha səmərəli məlumatlandırılması həyata keçiriləcək.

Eyni zamanda, bu xidmət vergi öhdəliklərini vaxtında yerinə yetirməyəcəyi, bəyannamələri vaxtında və ya düzgün təqdim etməyəcəyi ehtimal olunan və Vergi Məcəlləsinə əsasən ödəyicisi olduğu vergi növlərində uyğunsuzluqlar olan vergi ödəyicilərinin sayının azaldılmasına kömək edəcək.

Hazırda Vergilər Nazirliyinin Çağrı Mərkəzində qeyd edilən funksiyanın tətbiqi ilə bağlı müvafiq qaydaların layihəsi hazırlanıb və təsdiqlənməsi ilə bağlı zəruri tədbirlər görülür.

Sərəncamda diqqət çəkən məsələlərdən biri də vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, “Asan İmzanın” dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsinin təmin edilməsi ilə bağlı müddəalardır.

Diqqətə çatdırılıb ki, Vergilər Nazirliyi elektron xidmətlərin təkmilləşdirilməsi prosesini mütəmadi olaraq davam etdirir və son bir neçə ildə bu, daha intensiv xarakter alıb. Məsələn, vergi ödəyicilərinin və vergi orqanı əməkdaşlarının bəyannamə və ərizə formalarının tərtibatına və yenidən tərtibatına sərf etdiyi vaxtın azaldılması, hesabat və ərizələrin vaxtında təqdim edilməsi, vergi ödəyicilərinin “Asan İmza”dan istifadələrinin stimullaşdırılması və digər istiqamətlərdə aparılan işlərin nəticəsi olaraq, nazirliyin təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

“Çağrı Mərkəzi vasitəsilə sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti artıq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına əlavə edilib və bu xidmət üzrə inzibati reqlament təsdiq olunub.

Hazırda fiziki şəxslərin qeydiyyatı, şəhadətnamənin dublikatının alınması üçün ərizənin göndərilməsi, fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması və bərpası, “Asan İmza” İD-nin dəyişdirilməsi kimi xidmətlərin Çağrı Mərkəzi vasitəsilə həyata keçirilməsi üçün də texniki imkan yaradılıb, mövcud reqlamentlərə dəyişiklik edilib və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişikliklərin edilməsi üçün layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Cari ilin ikinci rübündə sözügedən layihə çərçivəsində Çağrı Mərkəzi vasitəsilə kimliyi müəyyənləşdirildikdən sonra qanun çərçivəsində kommersiya (vergi) sirri olan məlumatların təqdim edilməsi xidməti testdən keçirilib və bu əməliyyatlar uğurla başa çatdırılıb.

Sözügedən xidmətin göstərilməsində əsas məqsəd Çağrı Mərkəzinə müraciət edən, lakin sualı kommersiya sirri təşkil edən məlumatlarla bağlı olduğundan tam cavab əldə edə bilməyən vergi ödəyicilərinin suallarının tam və ətraflı cavablandırılması, müraciət edən şəxslərin məmnunluğunun təmin edilməsidir.

Hazırda layihə çərçivəsində digər ərizələrin də Çağrı Mərkəzi vasitəsilə göndərilməsi imkanının yaradılması istiqamətində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.