İQTİSADİYYAT
Vergiödəyicilərinin ixtiyarına yeni xidmətlər verilir
Bakı, 27 oktyabr, AZƏRTAC
Vergiödəyicilərinin vaxtına qənaət etməsi, göstərilən xidmətlərin daha rahat və əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq yeni layihələr həyata keçirilir, xidmətlər istifadəyə verilir və ya mövcud xidmətlər elektronlaşdırılır.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planında müəyyənləşdirilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin Vergiödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir. Onlardan biri “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidmətinin tətbiqi ilə bağlıdır.
Bu xidmətdən istifadə edən ödəyicilərə nazirliyin Çağrı Mərkəzi vasitəsilə, İnternet Vergi İdarəsinə daxil olmaqla, SMS göndərməklə vergi borcunun öyrənilməsi imkanı yaradılıb. Yaxın vaxtlarda isə nazirliyin rəsmi internet saytında da (www.taxes.gov.az) vergi borcu barədə məlumatın verilməsinə şərait yaradılacaq və bu xidmətin bir ad altında – “Vergi borcu barədə məlumatın verilməsi” kimi elektron xidmətlər reyestrinə daxil edilməsi nəzərdə tutulur.
Həyata keçiriləcək daha bir yenilik isə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə-dublikatın verilməsi, “ASAN imza” istifadəçi İD-nin dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlərin tətbiqidir. Artıq bu xidmətlərlə bağlı texniki tapşırıqlar, hər xidmət üzrə inzibati reqlament və müvafiq qərar layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Yeniliklərdən biri də xidmət mərkəzlərinə müraciət edən şəxslər üçün nazirliyin rəsmi internet saytından istifadə etməklə əvvəlcədən növbəyə yazılmaq imkanının yaradılması olacaq. Bu xidmət vergiödəyicilərinin vaxtlarına qənaət etməsinə imkan verəcək. Hazır sənəd barədə məlumatın axtarışı elektron xidmətinin tətbiqinin həyata keçirilməsi də gözlənilən yeniliklərdəndir. Bu xidmət istifadəyə verildikdən sonra xidmət mərkəzlərinə müraciət etmiş şəxs cavab sənədlərinin hazır olub-olmaması barədə məlumatı internet üzərindən əldə edə biləcək.
Həmçinin şifrə, parolun dəyişdirilməsi prosesi də təkmilləşdirilir. Vergiödəyiciləri tərəfindən istifadəçi kodu, parol və şifrənin unudulması və ya itirilməsi səbəblərindən “şifrə, parolun dəyişdirilməsi” üzrə müraciətlərin sayının artmasını, eləcə də həm vergi ödəyiciləri, həm də vergi orqanlarında vaxt və resurslara qənaət olunacağını nəzərə alaraq, bu xidmətin qeydiyyat ünvanı nəzərə alınmadan istənilən xidmət mərkəzində və ərizənin düzgünlüyü təmsilçi tərəfindən yoxlanıldıqdan dərhal sonra yerindəcə emal olunaraq vergiödəyicisinə yeni istifadəçi kodu, parol və şifrənin verilməsi təklif olunur.