İQTİSADİYYAT
Vergi orqanlarına daxil olan müraciətlərin 72,9 faizi müsbət həll olunub
Bakı, 14 iyul, AZƏRTAC
2017-ci ilin birinci yarımilliyində vergi orqanlarına vətəndaşlar tərəfindən 50 min 902 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Onlardan 94,8 faizi ərizə, 5 faizi şikayət, 0,2 faizi təklif xarakterli olub.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, müraciətlərin 41,1 faizi müxtəlif arayışların alınması, 28,6 faizi kameral vergi yoxlamaları, 11,2faizi vergi borcları, 2,6 faizi vergi qanunvericiliyinin tətbiqi, 2,5 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,9 faizi səyyar vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb və 72,9 faizi müsbət həll olunub.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 2003 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.