İQTİSADİYYAT
Vergi orqanlarına müraciətlərin 75 faizi müsbət həll olunub
Bakı, 28 iyul, AZƏRTAC
2016-cı ilin 1-ci yarım illiyində vergi orqanlarına 48 min 653 müraciət daxil olub.
Onlardan 96,9 faizi ərizə, 2,9 faiz şikayət, 0,2 faizi təklifdir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 50,7 faizi müxtəlif arayışların alınması, 20,8 faizi kameral vergi yoxlamaları, 7,6 faizi vergi borcları, 1,9 faizi səyyar vergi yoxlamaları, 1,9 faizi vergidən yayınma və dividendlərin verilməsi, 0,3 faizi operativ vergi nəzarəti tədbirləri, 0,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1 faizi korrupsiya hüquqpozmaları, 13,5 faizi digər məsələlərlə bağlıdır.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 75 faizi müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faizi azalıb.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 2216 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevral ayının 25-də Oğuz, aprel ayının 29-da Neftçala, may ayının 20-də Yardımlı, iyun ayının 17-də Qusar şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 123 vətəndaş qəbul edilib.