REGİONLAR
Vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı təşkil olunub
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün bu ilin oktyabr ayında elan edilən müsabiqənin test imtahanlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən test imtahanlarında namizədlərə vergi qanunvericiliyi üzrə 90, məntiqi təfəkkürlə bağlı 10 sual təqdim olunub. İki gün davam edəcək test imtahanlarının ədalətli, şəffaf və operativ keçirilməsinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri Əli Şabanov müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə vergi orqanlarında 34 vakant yer üzrə iş təklif ediləcəyini bildirib. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün 80 nəfər sənəd təqdim edib.
Müsahibə mərhələsində namizədlərin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən olunacaq.