İQTİSADİYYAT
Vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı görüşlərdə ümumilikdə 4000-dək vergiödəyicisi iştirak edib
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergiödəyicilərinin cari ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunlarının şərh edilməsi, həmçinin vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Bakıda və respublikanın digər bölgələrində keçirilən tədbirlərdə ümumilikdə 4000-dək vergiödəyicisi iştirak edib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşlərdə Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində 700-dək kiçik sahibkarlıq, Lokal Gəlirlər Departamentində 550-dən çox orta sahibkarlıq, Milli Gəlirlər Departamentində 600-dək iri sahibkarlıq subyektlərini təmsil edən müxtəlif kateqoriyalı vergiödəyiciləri təmsil olunub.
Qanunvericilikdə baş vermiş dəyişikliklərin vergiödəyicilərinə daha ətraflı izah edilməsi məqsədilə görüşlər müxtəlif fəaliyyət sahəsi üzrə məşğul olan biznes subyektləri ilə qrup halında keçirilib. Görüşlərdə iri vergiödəyiciləri, ictimai iaşə, pərakəndə ticarət, mebel mağazaları, mobil rabitə obyektləri, aksizli mallar, tikinti materiallarının satışı ilə məşğul olan vergiödəyiciləri, həmçinin mənzil-tikinti kooperativləri, istehsalçı şirkətlər, topdan satışla, eləcə də, alkoqollu məhsulların istehsalı və satışı, iri bazarlar və şəbəkə supermarketlər, şadlıq sarayları, mebel mağazaları, özəl tibbi xidmət, lizinq və sığorta şirkətləri və s. kateqoriyadan olan vergiödəyiciləri iştirak ediblər.
Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də geniş islahatlar aparılır. Dəyişikliklərin əsas məqsədi isə ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, şəffaf vergi uçotunun qurulmasıdır.
Görüşlərdə sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə məlumat və izahatlar verilib .
Vergiödəyiciləri ilə görüşlər davam etdiriləcək.