İQTİSADİYYAT


Vergi sistemindəki yeniliklər ixracın artmasına müsbət təsir göstərəcək

Bakı, 19 aprel, AZƏRTAC 

Aprelin 19-da “Caspian European Club” və “Caspian American Club” tərəfindən Bakıda təşkil olunmuş biznes forumda vergi islahatlarının əsas istiqamətləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, biznes forumda çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev biznesə və ixracyönümlü müəssisələrə dəstək məqsədilə vergi sistemində həyata keçirilmiş yeni islahatlar barədə məlumat verib. Həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsindən, “Caspian European Club” və “Caspian American Club”-un üzv şirkətlərini maraqlandıran məsələlərdən danışıb.

Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün meydan yaratdığına görə klub rəhbərliyinə minnətdarlığını bildirən İlkin Vəliyev vurğulayıb ki, Vergilər Nazirliyi sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələrə daim açıqdır və belə müzakirələri sahibkarlığın inkişafı və onun qarşılaşdığı problemlərin həlli, eləcə də vergi orqanları ilə biznes strukturları arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi baxımından olduqca faydalı hesab edir.

Vergi qanunvericiliyində və inzibatçılığında aparılan son dəyişikliklər barədə forum iştirakçılarını məlumatlandıran nazir müavini bildirib ki, Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 2016-cı il 4 avqust tarixli Sərəncamı vergi sistemində keyfiyyətcə yeni və genişmiqyaslı islahatlara yol açıb.

Qeyd olunub ki, ölkə iqtisadiyyatı qarşısındakı hədəflərə və strateji yol xəritələri ilə müəyyənləşdirilmiş yeni iqtisadi strategiyaya uyğun olaraq, vergi sistemində institusional və konseptual islahatlar aparılıb, vergi administrasiyası təkmilləşdirilib, təşkilati strukturun əsaslı transformasiyası həyata keçirilib. “Fərdi yanaşma” prinsipi üzərində qurulan yeni inzibatçılıq mexanizmi vergiödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmağa, daha səmərəli, çevik və şəffaf inzibatçılığı həyata keçirməyə imkan verir. Burada əsas məsələ kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini fərqləndirmək, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

Vergi sistemi qarşısında duran vəzifələrə toxunan İlkin Vəliyev iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılmasını, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılmasını, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılmasını və sahibkarlar üçün xidmətləri vacib hesab etdiyini bildirib.

2017-ci il yanvarın 1-dən vergi qanunvericiliyində ciddi dəyişikliklərin qüvvəyə mindiyini xatırladan İlkin Vəliyev bu dəyişikliklərin kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradacağını, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarını təşviq edəcəyini bildirərək vurğulayıb ki, Vergilər Nazirliyi bu istiqamətdə ictimai təşkilatlarla müzakirələri faydalı hesab edir.

“Caspian European Club”-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, klub biznesmenlər arasında sorğular təşkil edir. Onun sözlərinə görə, kluba daxil olan təkliflərin böyük hissəsi məhz vergi sistemi, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər ilə bağlıdır. O, iş adamlarının, “Caspian European Club” və “Caspian American Club”-un üzv şirkətlərinin problemlərinə operativ münasibət bildirən və onların həllində fəal iştirak edən Vergilər Nazirliyinin rolunu yüksək qiymətləndirib. Vurğulayıb ki, vergi sistemindəki yeniliklər “Made in Azerbaijan” brendi altında məhsulların ixracının artmasına, sahibkarlığın və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.

Telman Əliyev qeyd edib ki, bu ildən etibarən dövlət məmurları və Azərbaycandakı şirkətlərin top-menecerləri ilə birgə təşkil olunan “CEO Lunch” artıq hər üç aydan bir Qazaxıstan və Gürcüstanda keçiriləcək. O, Bakıda uğurla keçirilmiş dördüncü Beynəlxalq “Caspian Energy Forum” barədə məlumat verərək bildirib ki, 2017-ci il sentyabrın 20-də Bakıda birinci Beynəlxalq “Caspian American Forum” təşkil olunacaq.

“Caspian European Club”-un baş icraçı direktoru xatırladıb ki, Klub 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”-un sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il dekabrın 24-də Şimali və Cənubi Amerika dövlətlərinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqun inkişafı və fəallaşmasına xidmət edən “Caspian American Club” təsis edilib. “Caspian American Club” üç il ərzində “Caspian European Club”-la paralel şəkildə fəaliyyət göstərəcək. “Caspian European Club”-a daxil olan bütün şirkətlər eyni zamanda “Caspian American Club”-a da üzv olacaq. “Caspian European Club” yarandığı ilk gündən neft gəlirlərinin qeyri-neft sektoruna cəlb olunmasına yardım göstərir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır. “Caspian Energy”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club” və CEO qeydiyyatdan keçmiş ticarət markalarıdır və “Caspian Energy International” Media Group-a məxsusdur.

Biznes forumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Avropa İttifaqının 100-dən çox iş adamı, həmçinin beynəlxalq təşkilatlarının nümayəndələri və Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.