İQTİSADİYYAT


Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

Bakı, 9 avqust, AZƏRTAC

İyulda dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2017-ci ilin aprel ayının 1-dən etibarən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir. Ötən müddət ərzində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi, elektron qaimə-fakturaların tətbiqi, əməliyyatların şəffaflaşdırılması və vergi uçotunun bərpasını nəzərdə tutan dəyişikliklərlə bağlı vergiödəyiciləri arasında geniş məlumatlandırma işləri aparılıb və görüşlər keçirilib.

Bununla yanaşı, vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin nəzarətdə saxlanılması üçün Vergilər Nazirliyində yaradılmış müvafiq məlumat bazalarında sözügedən dəyişikliklərlə əlaqədar məlumatlar mütəmadi olaraq araşdırılır, riskli vergiödəyiciləri müəyyən edilir və həmin vergiödəyiciləri üzrə nəzarət tədbirləri həyata keçirilir.

Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergiödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Belə ki, bəzi vergiödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergiödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağaza və sair) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergiödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsinə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti həyata keçirilib. Bu tədbirlərin əsas məqsədi, vergiödəyicilərində şəffaf vergi uçotunun qurulması və vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaqdır.

Cari ilin iyul ayı ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergiödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etdilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib. Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün, vergiödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.