İQTİSADİYYAT


Vergilər Nazirliyi: Vergi amnistiyası sahibkarların işgüzar fəaliyyətinin genişlənməsinə xidmət edəcək

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 26-da Vergilər Nazirliyində “Vergiödəyicilərinin 2017-ci ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə qanun layihəsi barədə məlumat verib.

Z.Məmmədzadə qeyd edib ki, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır.

Qanun layihəsinin artıq Milli Məclisin plenar iclasına tövsiyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə sənədin 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyini bildirib.

Brifinqdə vurğulanıb ki, vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətlərdə geniş istifadə edilir. Məsələn, Türkiyə Respublikasında bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib. Dünya təcrübəsinə əsasən, sözügedən layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergiödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 2017-ci il yanvarın 1-nə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergiödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – birdəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Belə ki, 2017-ci il yanvarın 1-nə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar birdəfəyə istisnasız silinəcək.

Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 2017-ci il yanvarın 1-nə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.

Qanunun müddəaları vergiödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək.

Brifinqdə media nümayəndələrinə məlumat verilib ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergiödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla, vergi orqanlarına elektron şəkildə müraciət etməklə, yaxud Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz vergi borcları barədə, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.

Bildirilib ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effekti nəzərə alınarsa, o zaman bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsini və vergi intizamını daha da artıracağına əminlik vurğulanıb.

Qanun 44 mindən çox vergiödəyicisini əhatə edəcək. Onların 97 faizindən çoxu özəl sektorda çalışan sahibkarlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.