İQTİSADİYYAT
Vergilər Nazirliyi ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq edib
Bakı, 9 avqust, AZƏRTAC
Vergilər Nazirliyi tərəfindən “şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları” təsdiq olunub.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, qaydaların qəbul olunmasında məqsəd gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün qeydiyyat kitabının tətbiqi, vergiödəyiciləri ilə bağlı zəruri tədbirlərin görülməsidir.
Qaydalar toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edən və digər oxşar fəaliyyət göstərən - fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxsləri əhatə edir. Qaydalara əsasən, ictimai iaşə obyektləri yerləşdikləri ərazi üzrə vergi orqanları tərəfindən qeydiyyat kitabı ilə təmin ediləcəklər. Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına başlamazdan əvvəl aparılmalıdır.
Təsərrüfat subyektlərində (obyektlərində) qeydiyyat kitabı tətbiq olunan vergiödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Vergiödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatların vergi orqanına vaxtında təqdim edilməsi barədə vergiödəyicilərinə xidmət strukturları tərəfindən mütəmadi olaraq maarifləndirmə və qanunvericiliyin tələbləri barədə məlumatlandırma aparılacaq. Vergiödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra 10 iş gün ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergiödəyiciləri barədə məlumatlar risk meyarı kimi qiymətləndirilərək adları operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim edilərək, vergi nəzarəti tədbirləri zamanı nəzərə alınacaq.
Qeydiyyat kitabındakı məlumatlara əsasən tərtib edilən məlumat forması vergiödəyiciləri tərəfindən kağız daşıyıcılarda və ya Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə real vaxt rejimində elektron qaydada tərtib edilib vergi orqanına təqdim edilə bilər. Elektron formada təqdim edilmiş məlumatlar “Axtarış&Hesabat” informasiya sisteminin müvafiq hesabatlarına inteqrasiya olunacaq.