İQTİSADİYYAT
Vergilər Nazirliyində Nazirlər Kabinetinin iclasında qaldırılmış məsələlərlə bağlı tədbirlər davam etdirilir
Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması ilə əlaqədar tapşırıqlarının icrası məqsədilə vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən nazirliyin aparatının, Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Departamentləri və idarələrinin strukturunda müəyyən dəyişikliklər edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2 nömrəli Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər İdarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqlar üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər Departamentləri və idarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısı tərəfindən verilmiş göstərişlərin icra vəziyyəti müzakirə edilib. Görüşlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb.