İQTİSADİYYAT
Vergilər Nazirliyində vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrup yaradılacaq
Bakı, 27 iyul, AZƏRTAC
Vergilər Nazirliyinin kollegiya iclasında vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupun yaradılması barədə qərar qəbul edilib.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 27-də nazirlikdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı iclasına həsr olunan kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndiyini, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda aparılan islahatlar nəticəsində ciddi uğurlar əldə edildiyini, qanunun aliliyinin bərqərar olduğunu vurğulayıb.
Vergi orqanlarında həyata keçirilən islahatlardan bəhs edən nazir vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq vergi daxilolmalarının ilbəil artdığını, strukturunda müsbət dəyişikliklər baş verdiyini, büdcə daxilolmaları üzrə proqnozların uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.
F.Məmmədov Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.
Bildirilib ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir. F.Məmmədov qeyd edib ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.
Yekunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasındakı çıxışı zamanı vergi orqanlarına verdiyi tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıdakı dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.