İQTİSADİYYAT
Vergilər Nazirliyinin 9 əməkdaşı aşağı vəzifəyə keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.
AZƏRTAC-a bildiriblər ki, “Vergi orqanlarında insan resurslarının inkişafına dair 2014-cü il üçün Tədbirlər Planı”nın icrası məqsədilə hesabat dövründə Vergilər Nazirliyinin nümayəndə heyətinin Sinqapur Daxili Gəlirlər Xidmətinə, Çinin Fujian əyalətinin Fujou şəhərinə səfərləri təşkil edilib, insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elektron tədris sahələri ilə bağlı təcrübə mübadiləsi aparılıb.
Vergilər Nazirliyinin bütün struktur vahidlərinin şəxsi heyətinə və rəhbər vəzifəli şəxslərinə etik davranış mövzusunda təlimlər keçirilib, vergi orqanı əməkdaşlarının vergi ödəyiciləri və vətəndaşlarla münasibətdə etik davranış normalarının pozması ilə əlaqədar daxil olmuş şikayətlər, onların həlli yolları və 2015-ci ildə bu sahədə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Orta menecer (şöbə rəisi) vəzifələrinə təyin olunmaq üçün daxili müsahibə qaydaları işlənib hazırlanıb, “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə qaydaları” təsdiq olunub.
Hazırda Avropa İttifaqının “İnsan resurslarının inkişafı sahəsində Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi davam edir və layihənin tərəfdaş ölkələri olan İspaniya və Fransanın bu sahədə mövcud təcrübəsi nəzərə alınmaqla 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
2014-cü ildə vergi orqanı əməkdaşlarının attestasiyası keçirilib, attestasiyada iştirak etmiş 1300 nəfər əməkdaşdan 1274 nəfəri tutduğu vəzifədə saxlanılıb, 9 nəfər tutduğu vəzifəyə uyğun hesab olunmayaraq aşağı vəzifəyə keçirilib.
Vergi orqanlarında yaranmış vakant iş yerlərinin kadrlarla komplektləşməsi və kadr ehtiyatının yaradılması məqsədi ilə hesabat ilində 2 müsabiqə keçirilib, cəmi 222 nəfər müsabiqəni uğurla başa vurub, onlardan 75 nəfər vakant vəzifələrə təyin olunub, 147 nəfər kadr ehtiyatına daxil edilib.
Müqavilə əsasında Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Universitetindən, Maliyyə-İqtisad Kollecindən daxil olmuş müraciətlər nəzərə alınmaqla 2014-cü ildə 336 nəfər tələbənin müxtəlif vergi orqanlarında istehsalat təcrübəsi keçmələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xahişi ilə 100 nəfər könüllünün vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təşkil olunub.