İQTİSADİYYAT
Vergilər Nazirliyinin “Elektron cinayət işi” modulunun tətbiqinə noyabrın 21-dən başlanılacaq
Bakı, 10 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində “Elektron cinayət işi” modulu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 10-da Vergilər Nazirliyinin “Elektron cinayət işi” layihəsinin təqdimat mərasimində məlumat verilib.
Vergilər nazirinin müavini Namiq Əliyev son illər vergi sistemində aparılan islahatlar, eləcə də ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust tarixli Sərəncamı çərçivəsində görülən işlərdən söz açıb.
Bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqların icrası ilə bağlı Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqinə dair aparılan hazırlıq işləri artıq başa çatıb.
Sonra vergi sistemində son illərdə elektron sahədə aparılan islahatlara dair film nümayiş etdirilib.
Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə təqdimatla çıxış edərək, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) tərəfindən aparılan istintaq işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd olunub ki, aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulu hazırlanaraq istifadəyə verilib.
“Elektron cinayət işi” modulu barədə tədbir iştirakçılarına ətraflı izahat verən Z.Məmmədzadə nəzərə çatdırıb ki, bu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilən cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların departamentə göndərilməsi, aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.
Baş idarə rəisinin sözlərinə görə, “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlikdaxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.
Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacağını deyən Z.Məmmədzadə məsələ ilə bağlı VCİAD-ın müstəntiq və təhqiqatçıları üçün müvafiq treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Baş idarə rəisi vurğulayıb ki, “Elektron cinayət işi” modulunun tətbiqi bu sahədə şəffaflığın və istintaqın keyfiyyətinin artırılması, həmçinin məhkəmə sisteminə inteqrasiya imkanının yaradılması ilə nəticələnəcək. Eyni zamanda, cinayət işləri ilə əlaqədar müddətlərə nəzarət ediləcək.
Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Baş Prokurorluğun, Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri, bir sıra məhkəmə orqanlarının hakimləri iştirak ediblər.