İQTİSADİYYAT
Vergilər Nazirliyinin internet səhifəsi informasiya açıqlığına görə liderdir
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının 2016-cı ildə informasiya açıqlığına dair internet resurslarının "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilmiş monitorinqinin nəticələrinə əsasən hesabat və reytinq cədvəli açıqlanıb.
Mərkəzin bu ilin iyun-oktyabr aylarında apardığı monitorinqlər nəticəsində Vergilər Nazirliyi internet resurslarının informasiya açıqlığı üzrə 79,1 faizlə birinci yerdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəzin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və beynəlxalq normalara uyğun olaraq apardığı monitorinqlər zamanı ölkədə fəaliyyət göstərən 70 mərkəzi icra hakimiyyəti orqanı və 68 yerli icra hakimiyyəti orqanının rəsmi internet resursları təhlil edilib.
Saytların informasiya açıqlığı vəziyyəti 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla təhlil edilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlanıb.
Cari ildə 70 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 61,5 faiz təşkil edib. Bu qurumlar üzrə onlayn şəffaflığın vəziyyəti son 3 il müddətində 5,5 faiz artıb. Bu il ilk 3 yer üzrə orta informasiya açıqlığı səviyyəsi təxminən 78,5 faiz, ilk 10 yer üzrə isə 76,5 faiz təşkil edib.
İlk onluqda daha sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (78,5 faiz), Dövlət Neft Fondu (78,2 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77,4 faiz), Hesablama Palatası (76,5 faiz), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (76,1 faiz), Mədəniyyət və Turizm Nazirliyi (75,4 faiz), Dövlət Neft Şirkəti (75 faiz), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (74,8 faiz) və "ASAN Xidmət" (74,2 faiz) yer alıb.