İQTİSADİYYAT
Vergilər Nazirliyinin kadr hazırlığı sahəsində fəaliyyəti və nailiyyətləri müzakirə edilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa” vergilər sahəsində əldə edilən uğurlar, yeniyetmə və gənclərə bu sahədə biliklərin verilməsi istiqamətində görülmüş işlərə həsr olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyi tərəfindən uşaqların, yeniyetmə və gənclərin vergi sahəsində biliklərinin artırılmasına xüsusi önəm verildiyini deyib. Bildirib ki, 2004-cü ildən Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində indiyədək müxtəlif layihələr həyata keçirilib. Belə ki, gənc nəslin, təhsil müəssisələrinin şagird və tələbələrinin vergilər haqqında bilik və anlayışlarının artırılması, onlarda vergi mədəniyyətinin formalaşdırılması və vergilərə aid dərs vəsaitlərinin tədrisini səmərəli şəkildə həyata keçirmək məqsədilə ümumtəhsil məktəblərində vergilərə dair 54 metodiki kabinet təşkil edilib. Bakı şəhərindəki 4 və 18 saylı peşə liseyləri müasir avadanlıqlar və vergilərə aid əyani vasitələrlə təchiz olunub, “Vergi tədris otaqları” istifadəyə verilib. Bununla yanaşı, hər il orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında bilik yarışları və olimpiadalar keçirilir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramında, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında müstəqil dövlətimizin inkişafı üçün aparılan islahatların gündəmində məhz insan faktoru prioritet kimi qəbul edilib və kadr hazırlığının gücləndirilməsini ön plana çəkib.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə tədbirin əhəmiyyətini vurğulayıb, vergi orqanlarında insan resurslarının inkişafı istiqamətində aparılan işləri təqdirəlayiq hesab edib.
Tədbirdə təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparılıb, yeni tendensiyalar və təlim strategiyalarına ümumi yanaşmaların müəyyən edilməsi, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr keçirilib. Bundan başqa, son dövrlərdə vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vergi sahəsində əldə olunan böyük uğurlar, onun səmərəliliyinin daha da artırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsi haqqında məlumatlar dinlənilərək, bu nailiyyətlərin əldə edilməsində vergi orqanlarında kadr potensialının gücləndirilməsinin mühüm əhəmiyyətinin olduğu vurğulanıb.
Həmçinin maliyyə-vergi sahəsində kadr hazırlığı prosesində rast gəlinən problemlər, nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi, Vergilər Nazirliyinin kadr hazırlığı sahəsində fəaliyyətinin əsas istiqamətləri və təlim sahəsindəki nailiyyətləri haqqında geniş müzakirələr aparılıb, müvafiq biliklər əldə olunub.
Tədbir iştirakçılarına Vergilər Nazirliyində insan resurslarının inkişaf strategiyası, təhsilin idarə edilməsi sisteminin formalaşdırılması, təlim və tədrisin vergi orqanlarının tələbatlarına uyğunlaşdırılması, tədris prosesində mütərəqqi təlim metodlarından və alətlərindən istifadənin təmin edilməsi, biliklərin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi, tədrisin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu sahədə həyata keçirilən tədbir və layihələr, mövcud beynəlxalq əməkdaşlıq və qazanılan uğurlar barədə məlumat verilib.
Vergi orqanlarında kadr hazırlığı ilə bağlı müzakirələr aparılıb, mövcud problemlər təhlil edilib və bu sahədə yeni inkişaf istiqamətlərinin müəyyənləşməsi ilə bağlı təkliflər səsləndirilib.
“Dəyirmi masa”da dövlət orqanlarının, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, qeyri-hökumət təşkilatları və sahibkarların ictimai birliklərinin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.