REGİONLAR
Vergilər naziri Şabranda şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Şabran, 22 may, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul mayın 22-də vergilər naziri Fazil Məmmədov tərəfindən Şabran şəhərində keçirilib.
Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilən qəbulda Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilib. Müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razı qaldıqlarını bildiriblər.