İQTİSADİYYAT


Vergiödəyiciləri ilə görüşlərdə sahibkarların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi müzakirə olunub

Bakı, 26 may, AZƏRTAC

Mayın 15-dən 24-dək Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, o cümlədən iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və sair fəaliyyətlə məşğul olan vergiödəyiciləri, mayın 17-dən 19-dək isə Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Göyçay, Qəbələ, Mingəçevir, Gəncə, Zaqatala, Şəmkir rayonlarının sahibkarları, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə silsilə görüşlər keçirilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun, “Nağdsız hesablaşmalar haqqında” Qanunun, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli Qərarı ilə “Elektron qaimə-fakturanın forması” və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarının tətbiqi vəziyyəti, həmçinin “İnsan hüquqları aylığı” çərçivəsində sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub, görüş iştirakçılarının sualları cavablandırılıb.

Vergilər Nazirliyi yanında Milli Gəlirlər, Lokal Gəlirlər və Kiçik Sahibkarlarla İş Departamentlərini, həmçinin respublikanın bütün ərazi vergi idarələrini və departamentlərini əhatə edən tədbirlər zamanı qeyd olunub ki, vergi sistemində aparılan islahatların prioritet istiqamətlərinin əsasını vergiödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi və vergiödəyicilərinin hüquqlarının qorunması təşkil edir. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə hər il may ayının 18-dən iyun ayının 18-dək keçirilən “İnsan hüquqları aylığı”nın əsas məqsədi insan hüquqlarının qorunması ilə əlaqədar məsələləri geniş müzakirə etmək, ortaya çıxan problemləri operativ olaraq həll etməkdən ibarətdir. Vergiödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə bir neçə ildir ki, nazirlikdə Vergi Apellyasiya Şurası fəaliyyət göstərir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə də, vergiödəyicilərinin hüquqlarının və mənafelərinin qorunması, vergi inzibatçılığının, vergi nəzarətinin təkmilləşdirilməsi məsələlərinə geniş yer verilib. Vergiödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə şəffaf vergi partnyorluğu idarələri yaradılıb.

Vergiödəyiciləri elektron qaimə-fakturaların tətbiqi, nağd ödəmələrə qoyulmuş limitlər, elektron ödənişlər zamanı xidmət haqqının tutulması ilə bağlı üzləşdikləri çətinlikləri diqqətə çatdırıblar. Qeyd olunan problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə araşdırmaların aparılacağı və lazımi tədbirlər görüləcəyi bildirilib.

Son iki həftə ərzində Bakı şəhərində və Ərazi Vergilər Departamentlərinin və İdarələrinin əhatə dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən sahibkarlarla keçirilən bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 1400-dən çox sahibkar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.